Sevil ilə… – üzüyün sirri (IV hissə)

Sevil ilə… (IV hissə) – digər hissələr blogumun arxivindədir.

Mənə verilən otaq geniş idi. İçəridə böyük bir yataq, yazı masası, onun yanında içkilərlə dolu kiçik bir bar və eləcə də göl mənzərəli kiçik bir balkon var idi. Otağın içindəki başqa bir qapı da var idi ki, həmin bu qapı da qonaq üçün nəzərdə tutulmuş tualetə və hamama açılırdı. Kənan bu otağı sırf qonaqları üçün nəzərdə tutmuşdu. İlk işim əşyalarımı yerləşdirmək oldu və daha sonra üzərimdəki paltarları çıxararaq duş otağına daxil oldum. İlıq suyun altında əlimi divara söykəyib duş qəbul edirdim. Sevili gördüyümün təsirindən çıxa bilmirdim. Ürəyim sinəmdən bir ağırlıq kimi asılı qalmışdı, elə bil. Sevil peşəkar aktrisa olmalı idi. Sanki, mənimlə dəli kimi öpüşən, mənə sevgi naminə hər şeyini əsirgəməyən Sevil o deyildi. Görəsən, indi o da mənim kimi özünü hiss edirdi, yoxsa sadəcə həqiqətən o, hər şeyi unutmuşduʔ Ağlımda dövrə vuran bu suallar mənim nəfəs almağımı çətinləşdirirdi. Duş altında zaman məfhumunu unutmuşdum, onu düşünərkən. Ancaq, su tam soyuduqdan sonra başa düşdüm ki, duşun altında çox durmuşam. Hamamdan çıxaraq, yazı masasının arxasındakı stulu götürərək, pəncərənin qarşısına qoydum və orada əyləşib gölə baxa-baxa bir siqaret yandırdım. Bu zaman fikirləşdim ki, o özünü tanımazlığa vursa da, mən onunla hazırda eyni evdəyəm, ona toxuna bilməsəm də, onun gözlərinə baxaraq, içimdə ona qarşı alışıb yanan eşqimi bəsəlyə biləcəyəm. Bunları düşünərək, əlimdəki siqaretin kötüyünü yazı masasının üzərindəki kül qabının içərisinə basdım. Hava isti olduğundan nəm saçlarım öz-özünə qurumuşdu. Ayaqlarımı sürüyə-sürüyə gəlib geniş yatağıma uzandım. Bu yataq iki nəfər üçün nəzərdə tutulmuşdu. Yorğunluq göz qapaqlarımı ağırlaşdırırdı və indi, bu böyük evin harasındasa Sevil ilə Kənanın yataq otağı var idi və onlar bəlkə də hər axşam bu otaqlardan birində sevişirdilər. Bu düşüncə məni qəzəbləndirir, məyus edirdi, lakin önəmli olan Sevilə yaxın olmağım idi. O da, gözləmirdi ki, mən yenidən onun qarşısına çıxaram. Başımı yanımda boş qalan yastığa çevirərək, xəyalən Sevili yanımda təsvir etdim. Axı, mən yazıçıyam. Bunun avantajı o idi ki, mən istədiyim insanı istədiyim görkəmdə təsvir edə bilirəm. Yazıçı olmayan insanlar gözünün qarşısına gətirdiyi obyekti iyirmi faiz canlı təsvir edirdisə, bu təsvir səviyyəsi biz yazıçılarda səksən faizə yaxındır. Yəni, mən xəyalən Sevili yanımda təsvir edir, əlimi onun üzünə toxundurur, barmaqlarımı onun seyrək ipək saçlarının arasına salır, yaxınlaşıb nəfəslərimizi bir-birinə qovuşdura bilirəm. Yazıçılıq doğru-dürüst gəlir gətirməyən peşədir, lakin bunu özümdə saxlamağıma səbəb istədiyim şeyləri təsvir edib, xəyal dünyamda yaşaya bilməyimdir. Yəni, gərçəkdə çox kasıb, ucuz içki içən və ucuz siqaret çəkən biriyəmsə, öz xəyal dünyamda ən gözəl qadına sahib olan və zəngin həyatı yaşayan birisiyəm. Başqalarından daha çox gəçrəyəuyğun təsvir yarada bildiyim üçün əslində, daha çox zənginəm. Lakin, qırılma nöqtələri də bəzən olur. Bu qırılma nöqtəsi, bir neçə il əvvəl valideynlərimi avtomabil qəzasında itirməyim idi. Çox absurd bir hadisə. Atam ilə anam işıqforda gözləyərkən arxadan gələn yük maşını mənim ailəmin maşınının üstünə çıxmışdı və beş dəqiqə bundan əvvəl mənimlə telefonla danışan ailəm indi, yox idi. Gərçəklik mənim xəyal dünyamı, mənəvi həyatımı alt-üst etmişdi. Ancaq, hər şey də bu qədər sadə idi. Bir yük maşını qədər ağır və onun qədər sadə. Bizim həyatlarımızı da elə məhv edən sadə şeylərdir. Məsələn, pul da sadədir, lakin bunun üçün həyatımızı məhv edirik, qazanmaq, xərcləmək və kimlərisə qazandırmaq üçün. Bir də həyatımızı məhv edən mürəkkəb şeylər vardır. Bu isə hisslərdir. Məsələn, mənim Sevilə aşiq olmağım. Yeni hisslərin həyatı daha rəngli görməyinə səbəb olur, quşlar daha gözəl ötür, buludlar daha ağ görsənir, ağaclar daha yaşıl, dəniz daha mavi, hətta Bakı küçələrində borcdan əziyyət çəkən insanlar belə sənə doğma görsənir, qonşunun pəncərəsində saatlarla hərəkət etməyən sarı pişik belə sənə fərqli görsənir. Ta ki, sevdiyinin səni tərk etməsinə qədər, başqasının qadını olduğunu bilənə qədər. Bu zaman hisslərin insana vurduğu zərbə, bayaq dediyim yük maşınından da ağır və eləcə də ağrılı olur.

Ölmüş bir insanın dramı elə onun ölməyi ilə bitir, bəs yaşayan və hər gün düşünməklə ölən insanlarʔ Bayaq sadaladığım gözəlliklər, onun tam əksi ilə sürətlə əvəz olunmağa başlayır. Yəni, həyatı ağ-qara görməyə başlayırsan, quşların ötməsi səni yatmağa qoymur, onlar sənə dünyanın ən murdar heyvanı kimi görsənir, buludların qara buluda çevrilməsini daha çox görürsən, dəniz mavi deyilmiş, kanalizasiyanın axdığı və ancaq insanlar öz ciblərini doldurması üçün neft yuvası olduğunu fərqinə varırsan, Bakı küçələrindəki borclu insanlar daha sənə doğma görsənmir, zatən onlar tezliklə hansısa bankın qarşısında özlərini yandıracaqdır, qonşumun balkonunda oturan sarı pişik isə o evə həbs olunmuş və necə intihar edəcəyini düşünən bir dustaq kimidir. Yəni, hər şey çox fərqli. Qısaca, demək istədiyim odur ki, hisslərin vurduğu zərbə, gərçəyin vurduğu zərbədən daha ağırdır, ağrılıdır.

İndi isə mən gərçəklə, mənəvi həyatımın arasında qalmışdım. Həyatın məni hansı tərəfə çəkəcəyini bilmirdim. Öz dünyamda Sevilin xəyalına toxunurdum, gərçəkdə isə eyni evdə olan Sevilə Kənan toxunurdu və bu mənim ümumi səhhətimə təsir edirdi.

***

Qapı döyüldü. Arxasından məni bu otağa gətirən Sənəm adlı qadının səsi eşidildi: “Murad müəllim, bir azdan Kənan müəllim və Sevil xanım axşam yeməyi üçün masa arxasına keçəcək, sizi süfrəyə dəvət edirlər“. – “Oldu“ – dedim, ayağa qalxdım. Hava qaralmışdı. Amma necə qaralmışdı heç bir fikirim yox idi, burada neçə saat uzandığımı və nə qədər öz dünyama qapandığım haqqında heç bir fikirim yox idi. Paltarı əynimə geyinib otaqdan çıxdım. Uzun dəhliz, aşağı enən pilləkən, həyətə açılan qapı, böyük bir masa, üzərində cür-bə-cür yeməklər, içkilər, üzümə baxıb gülümsəyən masa arxasındakı Kənan, onun yanında əyləşmiş, saçlarını hündürdən toplamış, boynu, sinəsi açıqda qalmış qırmızı donlu Sevil.

Nəqarət: Sevil… Sevil… Sevil…

Mənim zəyif nöqtəmin onun boğazı, çiyinləri olduğunu çox yaxşı bilirdi, indi isə elə bil qəsdən bu tərzdə geyinmişdi.

    • Murad müəllim, bir daha xoş gəldiniz. Əyləşin, lütfən!
    • Çox sağolun. – deyib bu cütlüyün qarşısında oturdum. Sevilin gözlərinə baxmağa cürət edə bilmirdim. Lakin, içəri girər-girməz onun sinəsindən və qulağından sallanan bahalı daş-qaşı sezə bilmişdim.
    • Necə dincəldinizʔ Hər şey qaydasındadırʔ
    • Bəli! Otağın çox gözəl mənzərəsi var. Bundan daha yaxşı ola bilməzdi.
    • Elədir ki, var. Keçən illərdə yazmağa vaxtım olduğunda bura gəlib, yazıb-pozurdum. Demək olar ki, ən gözəl əsərlərimi burada yazmışam. Halbuki, İsveçrədə də, Almaniyada da bu kimi məzərəli təbiət qoynunda yazmağa cəhd eləmişəm, alınmayıb.
    • Nə gözəl, lap yaxşı. – Yalan danışırdı, çünki, o yaza bilmir, həmişə başqasına yazdırır. Mənə yazdırdığı kimi.
    • Yemək çəkməmişdən əvvəl, deyirəm ilk öncə vuraq! – Masa üzərindəki Beluqa arağını kiçik qədəhlərə süzdü, Sevil isə öncədən öz qədəhinə qırmızı şərab süzmüşdü – dodaqları və donu rəngində. Sevilin bu qədər bəzənməsini başa düşə bilmirdim. O mənimlə olduğunda, heç vaxt daş-qaş taxmazdı, bu qədər makyaj etməzdi. Kənan qədəhi toqquşdurarkən, “Murad, sizin sağlığınıza dedi“ və ikimiz də qədəhi başımıza çəkdik. Dadlı araq idi. Bu vaxt, səhər məni bura gətirən Kənanın sürücüsü həyətə daxil olaraq, dedi: “Kənan müəllim, gözlədiyiniz qonaqlar gəldi“. Kənan əli ilə göstəriş verib, rus dilində “Yaxşı“ dedi.
    • Hə, Murad müəllim, bu axşam başqa qonağımda olacaq, Bakıdan gəlib. Yaxın dostumdur, tanımamış olmazsınız, Rasim müəllimdir. – deyib ayağa qalxdı və həyətinin darvazasına doğru getdi. Sevil ilə masa arxasında tək qaldıq. Həyətə qara bir maşın daxil oldu və bu zaman Rasim dediyi şəxs və bir qadın maşından düşdü. Rasim dediyi şəxs isə, dövlət adamı idi, neçənci dəfəsə millət vəkili “seçilmişdi“, MDB ölkələrində biznes imperatorluğu var idi. İndi başa düşmüşdüm ki, Sevil niyə daş-qaş taxıbdır. Yəqin, özlərini elit adlandırdığı bu insanların, hörməti, elə bu daş-qaşlarla ölçülür.

Sevil stulunu arxaya çəkərək, ayağa qalxdı. Bu vaxt ilk dəfə gözlərimiz bir-birinə tuş gəldi. O heç bir şeyi büruzə verməsə də, içimdən qasırğa sovruldu. Təmiz arağın təsiri də yavaş-yavaş büruzə verirdi. Amma içimdən sovrulan bu qasığranın arağın təsiri ilə əlaqəsi yox idi.

Sevil Rasimin yanındakı qadınla üz-üzə görüşdü, Rasim isə əlini mənə uzadıb görüşdü. Kənan bu zaman, “Tanış olun, dəyərli kollegam Murad müəllim!“. Rasimin üzündə heç bir ifadə yaranmadı və mənim yanımda oturdu. Rasimin yanındakı orta yaşlı, köktəhər saçlarını sarıya boyatmış və daş-qaşlarla bəzədilmiş Türkan adlı qadın isə Sevilin yanında əyləşdi. Sənəm süfrəyə isti yeməkləri də əlavə etdi və yenidən badələr dolduruldu. Gah Rasimin, gah Kənanın, gah da mənim sağlıma qədəhlər havada toqquşurdu. Yeni badələr doldurulanda, Kənan qədəhi əlinə alıb danışmağa başladı:

  • Əziz dostlarım, Rasim, Türkan və Murad! Bir daha mənim evimə təşrif buyurduğunuz üçün təşəkkür edirəm. Gözəl bir təsadüf idi ki, siz elə bu gün mənim evimdə qonaq olursunuz! Həm də bu gün, mənim Sevil ilə evliliyimin ikinci il dönümünə qədəm qoyduq! Necə gözəldir, deyilmi!ʔ – bu zaman Türkan, dəhşətli dərəcədə çox sevinirmiş kimi gülümsədi və ağzındakı bir neçə dişin qızıldan olduğunu da fərqinə vardım. Tipik sovet qadını! Rasim və Türkan təbriklər yağdırırdı. Saxta da olsa sevinə bilirdilər, mən isə saxta hisslərimi belə verə bilmirdim. Nə təbrik edirdim, nə də bir şey! Dilim gəlmirdi, Kənana ürəkdən bədbəxtlik arzulamaq istəyirdim. Amma bunu da dilimə gətirə bilmirdim. Kənan nəsə danışırdı, ara-sıra “mənim əsərlərimin baş qəhrəmanı olan qadın!“, “Ən gözəl məhəbbət şerim“ deyə nəsə deyirdi və bu zaman ətim tökülürdü. Kənan uzun-uzadı nitqini bitirdikdən sonra cibindən bir qab çıxarıb açdı. İçində çox böyük daşı olan üzük var idi. Əsas daşı qara almazdan qoyulmuşdu, ətrafı isə xırda şəffaf brilliantlarla bəzədilmişdi. Kənan bu üzüyü, Sevilin barmağına taxdı. Türkan dedi:
  • Xoşbəxtlik diləyirəm! Üzük çox qəşəngdir! – deyib Rasimin üzünə baxdı. Bu o demək idi ki, Türkan Rasimdən bunun eynisini tələb edir.
  • Qara almaz ilk dəfədir görürəm, bizdə belə bir şey olmaz, yəqin. – deyə Rasim dedi.
  • Belçikadan almışdım, əzizim Sevil üçün. Dedilər nadirdir.

    Çoxdandır sakit duran mən, indi danışmağa başladım:

  • Qara almaz əslində kömürə aid bir şeydir, adından da məlum olduğu kimi “Carbonado“ deyilir. Düzünü desəm, şəffaf və digər rəngli olan almazlardan baha deyil, əksinə qat-qat ucuzdur. Amma Sevil xanıma məsləhət görərdim ki, bu üzüyü taxmasın.
  • Niyəʔ – Rasim gözünü bərəldib dedi.
  • Bu almaz növü həqiqətən çox qədimdir. Yerin iki yüz əlli kilometr dərinliklərindən gəlir. Şəffaf almazlar bilirsiniz ki, ən sərt daşdır və onun daxilinə ancaq işıq keçə bilir, bu səbəbdən yer altında olan radiasiya şüalarını içinə əmmir, yəni bir tərəfdən alır, bir tərəfdən verir. Lakin, hazırda Sevil xanımın əlində olan üzüyün qara almazı isə çox böyükdür. Hər halda yüksək karata sahibdir. Fikir verirsinizsə, rəngi qaradır. Bu tip almaz ona görə qaradır ki, içinə daxil olan bütün şüaları özünə əmibdir.Yəni, Sevil xanım, hazırda barmağınızda radiasiya şüası yayan bir üzük ola bilər.
  • Çox maraqıldır, bunları hardan bilirsinizʔ – Kənan, təəssüf içində dedi.
  • Atam zərgər idi, mənə bütün daşlar haqqında danışırdı tez-tez.
  • Daha da dəqiqləşdirmək istəsəniz, bu qara daşın sertifikatına baxın. Onda məlum olacaqdır sizə.
  • O da, üzərimdədir. – deyib Kənan əlini cibinə atdı və kiçik bir kağız çıxartdı. Kağızı diqqətlə nəzərdən keçirdikdən sonra dedim:
  • Eyni ilə dediyim kimidir. Sizin sahib olduğunuz bu daşın sertifikatı Belçikanın, Anver şəhərinin gemologiya institutunda təsdiqlənib. Rənginin mənşəyi haradan gəlir məlum deyil. Belə başa düşürəm ki, əslində sizin bu daş qeyri-qanuni daşdır.

    Masa arxasındakı insanlar diqqətlə mənə qulaq asırdı. Kənan təəssüf içində üzünü yenidən mənə tutub dedi:

  • Açığını desəm, bu almazı birindən sertifikatla almışdım. Moskavada isə bir zərgərə verərək, parçalatdım və üzük düzəltdirdim.
  • İnanın ki, mən bunu sizin sağlamlığınız üçün deyirəm. Başqa bir niyyətim yoxdur. Rənginin mənşəyi məlum olmayan qara almazı heç kim almaz. Çünki, çox qorxuludur. Düşünün ki, neçə milyard il bundan əvvəl göydən yerə böyük bir asteroid düşür, onun verdiyi istilik yer qabığının altındakı qrafiti minlərlə dərəcə istidə parçalayaraq almaza çevirir və bir tərəfdən yerin nüvəsindən gələn istilik və şüaları əmib bu almaz. Düşünün ki, radiasiya dərəcəsi nə qədər yüksək ola bilər.
  • Necə yəni, deyirsiniz ki, qrafit almaza çevrilirʔ – Rasim gülərək dedi.
  • Bəli, elədir ki, var. Bizim bu gün istifadə etdiyimiz qələmlərin içindəki də qrafitdir. Əslində, o qələmin içindəki qrafiti siz suni yolla almaza çevirə bilərsiniz. Hətta, belə institutular da var, minlərlə dərəcəlik suni istilik yaradırlar və ya suni astroid təsiri yaradırlar, nəhayətində suni almaz əldə edirlər. Amma, bu almazlar təbii almazlar qədər dəyərli olmaya bilir.
  • Mən, almazın radiasiya təsirindən danışdıqca, Türkan sinəsindəki sepin daşlarını əli ilə yoxlayır və narahat olurdu və bu zaman Türkan dedi:
  • İndi, bizim taxdığımız bu boyunbağılar, sırğalar da bizim səhhətimizə təsir edirʔ
  • Səhhətinizə yaxşı da təsir edə bilər, pis də. Fikir vermisinizsə, qədim dövrlərdə padşahların tacı həmişə almaz daşları ilə bəzədilmiş olur. Buna səbəb isə, əslində bunu hökmdarılq simvolu kimi deyil, tamam başqa məqsədlər üçün istifadə edirlərmiş. Nə vaxtsa, hansısa padşahın şiddətli başağrısı olurmuş, onun həkimi də başına qoyduğu taca almaz yerləşdiribmiş ki, həmin bu şəffaf almaz onun başındakı ağrıları özünə çəksin. Yəni, ilk zamanlar bu daşlar kəşf olunanda sırf təbabət üçün istifadə edilirdi və bahalı hesab olunmurdu. Elə düşünün ki, karat sözü ərəbcədən gəlir, “kırat“ deyir, ərəblər. Mənası da keçinin buynuzu içində olan çərtdəkdir. Bütün keçilərin buynuzunun içindəki çərtdəyin ağırlığı 0.200 qram olduğundan, ölçü vahidi kimi qəbul olunur. Almazı padşahların tacına təbabət məqsədi ilə yerləşdirdiklərindən, zamanla öz dəyərini artırıb, indi isə çox xırda almazların belə fantastik qiyməti var. Qısacası, siz üzərinizdəki daş-qaşlara görə narahat olmayın. Ancaq, Sevil xanım narahat ola bilər. – dedim.
  • Əzizim, çıxart o üzüyü, bir tanışım var, onun labaratoriyasında araşdırdıqdan sonra qərar verərik taxıb-taxmayacağına. – dedi və Sevilin barmağındakı üzüyü geri alıb, qutusuna yerləşdirdi. Kənanı pərt etmişdim, lakin Sevilə olan məhəbbətimə görə belə bir vəziyyət yaranmışdı. Heç bir halda, Sevilə mənşəyi bilinməyən, bəlkə də yüksək təzyiqli radiasiyaya məruz qalmış üzüyün taxılmasına imkan verə bilməzdim. Ortaya dərin sükut çökmüşdü. Sevil ara-sıra tərs-tərs üzümə baxırdı. Amma bir tərəfdən də, onların evliliyinin ikinci ilinə daş qoyduğum üçün içimdə qəşş edirdim, sevinirdim və sevincimi içimdə boğub öldürməyə məcbur idim. Amma, sevincim də çox çəkmədi. Kənan Sevilə dedi:
  • Əzizim, nə yaxşı ki, Murad müəllim var! Görürsən, həyatda heç də təsadüf deyə bir şey yoxdu. Əgər, həqiqətən Murad müəllimin dediyi kimi bu üzüyün tərkibində radiasiya var idisə, o zaman bətnindəki hələ üç aylıq uşağın halı necə olacaqdıʔ Murad müəllimi bizə Allah göndərdi!

Rasimin “Bəh-bəh“ sədaları, Türkanın “ Nə yaxşı!“ sədaları göyə qalxdı. Hələki, məndən başqa hər kəs, eləcə də qıraqdan söhbəti eşidən Sənəm bir-bir Sevil ilə Kənanı təbrik edirdilər. Sevil hələ də çox gözəl aktrisalıq edirdi. Amma bir tərəfdən də mənim dünyam yıxılırdı. Qəhərim zəhər olub, məni öldürürdü. Sevdiyim qadının xoşbəxt ailə portretini görmək mənə işgəncədən başqa bir şey vermirdi. Ayağa qalxdım və “ Kənan, bəsdir, saxta intellektual kimi davrandığın! Sən başqasının əməyini oğurlayan bir əclafsan, elə sən mənim sevdiyim qadını da oğurlamısan, Sevil ilə mənim aylarla münasibətim olubdur. Biz bir-birimizi sevirik“ -deyə ürəyimdən sözlər keçdi, lakin demədim. Əlimi Kənana uzadaraq, gülümsəyərək “təbrik edirəm“, dedim. Daha sonra əlimi Sevilə uzatdım, incə barmaqları ovucumun içinə toxundu və əlini sıxaraq “Çox gözəl xəbərdir“ dedim. “Təşəkkür edirəm“ – dedi və əlini çəkmək istədiyində, onun əlini buraxmaq istəmədim. Sadəcə, onun əlinə bir neçə saniyə daha çox toxunmaq istəmişdim. Başqa da bir məqsədim yox idi. Əlini tutduğum müddətdə ağlayımmı, sevinimmi bilmədim.

Bir az daha oturdum, masa arxasındakıların söhbətinə qulaq asırmış kimi özümü aparırdım, lakin tamam başqa bir şeyi düşünürdüm. Düşüncələrim isə məni narahat edirdi və nəhayət üzümü Kənana tutub dedim:

  • İcazə verin mən otağıma qalxım, çünki hələ də yaxşı dincəlməmişəm.
  • Əlbəttə, dedi, masa arxasındakılar ilə sağollaşdım və yuxarı qalxdım. Görəsən oradan uzaqlaşarkən, Sevil arxam ilə baxırdıʔ Baxırdısa, hələ də içində az da olsa məhəbbət qalmışdı mənə qarşı.

Otağıma daxil olduğumda, içəridə o baş-bu başa getməyə başladım. Kiçik bardan pivə tapdım və qapağını açaraq otaqda dövrə vurmağa pivədən içərək davam elədim.

Necə yəni Sevil hamilədirʔ Mənim bura gəlməkdə bir məqsədim ancaq, ola bilərdi, bu da Sevili yenidən əldə etməyim idi. Lakin, hər dəfə təkrar-təkrar sarsılıram və mən bu sarsılmaqdan çox yorulmuşam. – Əlimdəki boş butulkanı yazı masasının üstünə atdım və yerimə uzanıb tavana baxdım. Əzab çəkirdim, hər dəfə Kənanın bayaq dediyi “Bətnində üç aylıq körpə“ var sözü beynimdə dövrə vururdu.

“Üç aylıq körpə… üç aylıq körpə… üç aylıq körpə… üç aylıq körpə……“ – qəflətən ayağa qalxdım. Axı o vaxtlarda Sevilin mənimlə münasibəti var idi… Yoxsa, onun bətnindəki uşaq mənim idiʔ

(Ardı olacaq)